...

Pakistan İran və ABŞ-yə atəşkəs planını təqdim edib

Dünya xəbərləri Materials 6 Aprel 2026 11:48 (UTC +04:00)
Pakistan İran və ABŞ-yə atəşkəs planını təqdim edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ-yə Pakistan tərəfindən hazırlanan və irəli sürülən atəşkəs planı təqdim olunub.

Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin yazdığına görə, plandakı bütün müddəaların bu gün (6 aprel-red.) razılaşdırılması mümkündür.

Mənbənin sözlərinə görə, sənəd iki mərhələli yanaşmanı nəzərdə tutur: dərhal atəşkəsin elan edilməsi və bunun ardınca hərtərəfli razılaşmanın bağlanması.

Güman edilir ki, atəşkəs Hörmüz boğazı vasitəsilə gəmiçiliyin dərhal bərpasına imkan verəcək. Yekun razılaşma 15–20 gün ərzində əldə oluna bilər.

Agentliyin yazdığına görə, bu razılaşmaya sanksiyaların yumşaldılması və xaricdə dondurulmuş aktivlərin azad edilməsi müqabilində Tehranın nüvə proqramına məhdudiyyətlərin daxil edilməsi gözlənilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti