Bakı. Trend:
Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 9 nəfər ölüb, 8 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bunu İranın Yasuc Tibb Elmləri Universitetinin rektoru Rüqəyyə Pənahi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Kohgiluyə rayonunun Kuh Siyah ərazisində 5 nəfər ölüb, 8 nəfər yaralanıb və Buyir-Əhməd rayonunun Vəzək və Kakan ərazilərində 4 nəfər ölüb.
Kohgiluyə rayonu qubernatoru bildirib ki, İran səmasında ABŞ-yə məxsus F15 qırıcı təyyarəsinin vurulmasından sonra, pilotların katapultdan istifadə edərək Kohgiluyə və Buyir-Əhməd vilayəti ərazisinə enməsi ehtimalının irəli sürülməsi ilə ABŞ tərəfi pilotları tapmaq üçün vilayət səmasında uçuşların sayını artırıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
