Bakı. Trend:
Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətinin rəsmi "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir, dağıntıların sökülməsi və axtarış əməliyyatları aparılır. Aprelin 3-ü, cümə günü axşam saatlarına olan məlumata əsasən, yeddi nəfərin həlak olduğu təsdiqlənib.
Bildirilib ki, hazırda daha beş nəfərin axtarışı davam edir.
Şirkətdən əlavə edilib ki, axtarış-xilasetmə işləri fasiləsiz şəkildə aparılır. Əməliyyatlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər aidiyyəti qurumlar cəlb olunub. Ümumilikdə 200-dən çox insan və 20-yə yaxın texnika gecə-gündüz rejimində fəaliyyət göstərir.
