...

Orta Asiya ölkələri və Azərbaycan: Dostluğun yeni dövrü (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2026 19:00 (UTC +04:00)
Orta Asiya ölkələri və Azərbaycan: Dostluğun yeni dövrü (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Fərqanə vilayətində "Orta Asiya və Azərbaycan" dostluq forumu çərçivəsində "Orta Asiya ölkələri-Azərbaycan dostluğunun yeni dövrü" mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və komitə əməkdaşları iştirak edib.

Tədbirdən əvvəl Fərqanə vilayətindəki “Dostluq steli” ziyarət edilib. Tədbir iştirakçıları xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi sayılan abidənin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Konfransda Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Kahraman Sarıyev, Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya nazirinin birinci müavini Kamçıbek Dosmatov, Tacikistan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin nümayəndəsi İbrahim Abdullozoda, Qazaxıstan Respublikasının “Otandastar” Fondunun vitse-prezidenti Alibek Jurkadam, eyni zamanda digər rəsmi şəxslər və ekspertlər çıxış ediblər.

Komitə sədr Fuad Muradovun salamlarını iştirakçıların diqqətinə çatdıran Valeh Hacıyev Azərbaycan və Özbəkistanın dövlət başçılarının ortaq siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Siyasi dialoqun intensivləşməsi nəticəsində ticarət, iqtisadi, mədəni, humanitar və regionlararası əlaqələrin ardıcıl inkişaf etdiyini qeyd edib. İkitərəfli əməkdaşlığın uğurlu nümunələri kimi Daşkənddə Heydər Əliyev adına bağın və “Azərbaycan” parkının, eləcə də Bakıda “Özbəkistan” parkının yaradılmasını xatırladıb. O, işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunaraq Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, eləcə də Qırğızıstanın Ağdamda təlim mərkəzinin inşasına verdiyi töhfələri yüksək qiymətləndirib.

Sonda forumun daimi fəaliyyət göstərən dialoq platformasına çevrilməsi, həmçinin Fərqanə vilayətinin davamlı inkişafına yönəlmiş birgə təşəbbüs və proqramların həyata keçirilməsi barədə razılıq əldə edilib.

Bundan əlavə, tədbirdə fəal iştirak edən bir sıra şəxslər, o cümlədən Valeh Hacıyev “Xalqlar dostluğu” döş nişanı ilə təltif olunub.

Konfrans çərçivəsində Kahraman Sarıyev və Valeh Hacıyev arasında ikitərəfli görüş də keçirilib. Görüşdə bir sıra məsələlər, o cümlədən ölkələrimizin zamanla inkişaf edən dostluq və qardaşlıq münasibətləri fonunda diasporlar arasında həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın daha da gücləndirilməsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti