Bakı. Trend:
Ermənistan hökuməti yetkinlik yaşına çatmamış (16 yaşdan aşağı) vətəndaşların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin Ümumtəhsil departamentinin rəhbəri Tamara Sarqsyan keçirdiyi brifinqdə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, uşaqların rəqəmsal mühitdə qorunması prioritetdir və dövlət uşaqları rəqəmsal mühitdə qorumaq üçün kifayət qədər alətlərin və normativ hüquqi aktların mövcudluğuna əmin olmalıdır.
“Bütün əsas imkanların, risklərin və problemlərin müəyyən edilməsi üçün araşdırma aparılır. Yalnız tam mənzərə müəyyənləşdikdən sonra hansı tənzimləmələrin zəruri olduğunu və onların necə dəqiq və məqsədyönlü tətbiq oluna biləcəyini anlamaq mümkün olacaq. Müvafiq olaraq, hansı veb-saytların bloklanacağını da müəyyən edəcəyik”,- Tamara Sarqsyan bildirib.
