Bakı.Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin Yaxın Şərq regionu ölkələrindəki obyektlərinə hədəflənmiş yeni ballistik raket və dron hücumu dalğası başlatdığını elan edib.
Trend xəbər verir ki, bu barədə İranın "Təsnim" xəbər agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Məlumatlara görə, gün ərzində ABŞ və İsraillə aid radar sistemlərinə, su nəqliyyat vasitələrinə və İsrailin əsas hərbi hava bazasına ciddi zərbələr endirilib, eyni zamanda ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsinin məhv edildiyi qeyd olunur.
SEPAH-ın mətbuat xidməti açıqlamasında bildirib ki, cümə səhərindən etibarən SEPAH-ın dəniz və hava qüvvələri “Doğru Vəd Əməliyyatı 4”-ün 92-ci dalğasını həyata keçirərək, bölgədəki (BƏƏ, Küveyt, Bəhreyn) və İsraildəki ABŞ terror qüvvələrinin radar sistemləri və dəniz avadanlıqlarına qarşı sürətli hücumlar həyata keçirib.
Açıqlamada deyilir ki, dəniz əməliyyatının başlanğıc mərhələsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Əl Şyux limanında yerləşən ABŞ amfibiya desant gəmilərinin mərkəzi ballistik raketlərlə vurulub.
SEPAH əlavə edib ki, cümə səhəri və gecə boyu davam edən hücumların davamı olaraq, hava qüvvələri Haifa şəhərinin cənub-şərqində yerləşən və İsrail F-16 qırıcı eskadronlarını qəbul edən Ramat David Hava Bazasına iki ballistik raketi uğurla buraxıb.
Hücumun digər mərhələsində, “atəşə qarşı atəş” taktikasının davamı olaraq, SEPAH-ın “Xürrəmşəhr-4” çoxbaşlıqlı ballistik raketlərini buraxaraq Tel-Əvivin mərkəzi və İsrailin digər bölgələrində 50-dən çox hədəfi vurub.
Açıqlamada həmçinin qeyd edilib ki, ABŞ-nin yüksək texnologiyalı “F-35 qırıcı təyyarəsi SEPAH-ın hava hücumundan müdafiə sistemləri tərəfindən İranın mərkəzi səmasında hədəf alınaraq tamamilə məhv edilib. Təyyarənin ABŞ-nin“Lakenheath “eskadronuna aid olduğu bildirilib və SEPAH-ın məlumatına görə, bu, son 12 saat ərzində vurulan ikinci təyyarə olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
