Taksi sürücülərinin xərcləri artdı – qiymətlər bahalaşacaq?

Gündəm Materials 3 Aprel 2026 12:01 (UTC +04:00)
Taksi sürücülərinin xərcləri artdı – qiymətlər bahalaşacaq?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün sığorta ödənişlərində dəyişiklik edilib. Yeni qaydaya əsasən, minik avtomobilləri taksi kimi istifadə olunduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta haqqının hesablanmasında 1.5 əmsalı tətbiq olunacaq.

Məsələ ilə bağlı taksi xidmətlərində qiymət artımı ehtimalı da gündəmə gəlib. Taksi Sürücülər Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, icbari sığorta ödənişi ildə bir dəfə həyata keçirilir və bu dəyişiklik daşıma tariflərinə təsir göstərməyəcək. Qeyd olunub ki, mövcud şəraitdə taksi xidmətlərinin qiymətləri dəyişməz qalacaq.

Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, yük və sərnişindaşıma sahəsində müəyyən tələblər mövcuddur və bu tələblərə əməl olunması üçün müvafiq sənədlərin toplanması zəruridir. Bu proses isə əlavə maliyyə xərclərinin yaranmasına səbəb olur.

“Xərclərin artması fonunda həm yük, həm də sərnişindaşıma xidmətlərində qiymət artımının baş verməsi qaçılmaz hesab edilir.

Məsələnin taksi xidmətləri ilə bağlı hissəsinə gəldikdə isə, bu sahədə də tariflərdə artım ehtimalı yüksək qiymətləndirilir. Yekun qərarın taksi operatorlarının tətbiq edəcəyi tənzimləmə mexanizmlərindən asılı olacağı gözlənilir”.

Ekspertin fikrincə, xidmət xərclərində artım baş verdiyi təqdirdə, bu artımın xidmət qiymətlərində də əks olunması iqtisadi baxımdan labüddür.

Eyni zamanda, bazarda fəaliyyət göstərən taksi şirkətləri də məsələyə münasibət bildirib.

“Yango” şirkətindən qeyd edilib ki, dəyişiklik hazırda daxili qaydada təhlil olunur.

“Bolt” şirkəti isə açıqlamasında bildirib ki, hazırda sərnişindaşıma tariflərində hər hansı artım qeydə alınmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti