Bakı. Trend:
Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ istehsalı olan ikinci “F-35” qırıcısını vurduğunu bəyan edib.
Trend bu barədə İran KİV-ə istinadən xəbər verir.
SEPAH bildirib ki, ABŞ-yə məxsus döyüş təyyarəsi İranın mərkəzi bölgəsinin səmasında uçarkən tamamilə məhv edilib. Pilotun aqibəti barədə məlumat verilmir. İran mediasının sosial şəbəkə hesablarında "F-35" qırıcısına aid olduğu deyilən dağıntıların fotoşəkilləri yayılıb.
ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı yayılan iddialara münasibət bildirməyib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
