Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) BƏƏ və Bəhreyndə ABŞ-yə məxsus polad və alüminium sənayesinə raketlə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, SEPAH “Doğru Vəd 4” əməliyyatının 90-cı mərhələsində eyni zamanda Bəhreynin Manama şəhəri yaxınlığında “Rafael” silahqayırma sənayesi və ABŞ hərbçilərin məxsus məkanı atəşə tutub.
SEPAH-ın məlumatına görə, sözügedən hücum qarşı tərəflərə xəbərdarlıq məqsədi daşıyıb və İran sənayesinə hücum təkrarlandığı halda İsrailin infrastrukturları və ABŞ-nin bölgədəki iqtisadi obyektlərinə daha ağır hücumlar həyata keçiriləcək.
Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.
2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
