...

Nizami Kino Mərkəzi müdaxiləyə məruz qalıb - Polis araşdırmaya başladı (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 2 Aprel 2026 14:07 (UTC +04:00)
Nizami Kino Mərkəzi müdaxiləyə məruz qalıb - Polis araşdırmaya başladı (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Nizami Kino Mərkəzinin binasının fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması ilə bağlı araşdırma başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.
DİN rəsmisi qeyd edib ki, həmin əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

xxx
13:43

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Nizami Kino Mərkəzinin binasına edilən müdaxilə ilə bağlı birgə bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanıb ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.

"“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir.

Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür.

Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur", - birgə bəyanatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti