Bakı. Trend:
Türkmənistan dünya bazarlarına etibarlı, sabit və şaxələndirilmiş enerji resurslarının çatdırılmasını təmin etməyə yönəlmiş beynəlxalq əməkdaşlığın inkişafını dəstəkləyir.
Trend xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci iclasının gedişində etdiyi çıxışda deyib.
“Biz həmçinin birgə enerji layihələrinin həyata keçirilməsinə, infrastrukturun inkişafına və enerji bazarlarının əlaqəliliyinin gücləndirilməsinə böyük önəm veririk. Bununla yanaşı, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını nəzərə almaq vacibdir – bu prinsip Türkmənistanın energetika siyasətinin əsasını təşkil edir”, – deyə o bildirib.
Ataquliyev qeyd edib ki, Türkmənistan hazırda bir sıra Türk dövlətləri ilə qaz və enerji sahələrində fəal əməkdaşlıq aparır və bu əlaqələri genişləndirməyə hazırdır.
