Bakı. Trend:
Aprelin 2-də Milli Məclisdə Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 34 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çinin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayıb, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən 34 il ərzində münasibətlərimizin keçdiyi inkişaf yolundan danışıb.
O, Azərbaycan və Çin arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın yüksələn xətlə inkişaf etməsinin hər iki xalqın maraqlarına xidmət etdiyini qeyd edib, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən və gələcək planlardan danışıb.
Dəyirmi masada iştirak edən Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 34-cü ildönümünün tamam olmasının qürurverici olduğunu qeyd edib.
Səfir Azərbaycanın Çinin qlobal təşəbbüslərinə dəstəyinin yüksək qiymətləndirildiyini, iki ölkə arasında ticarət dövriyyəsinin və digər sahələrdə əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – deputatlar Səbinə Salmanova, Günay Əfəndiyeva, Nigar Məmmədova, Rəşad Mahmudov, Tahir Mirkişili, Naqif Həmzəyev və Elman Nəsirov da iştirak ediblər.
