Bakı. Trend:
Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur. Qərbi Kaspi Universiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmış vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması ilə belə bir problem ortaya çıxdığını qeyd edir.
Bəs dövlət sifarişi ilə təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə vəsaitin geri qaytarılması və ya silinməsi hüquqi baxımdan nə dərəcədə əsaslıdır? Maliyyə ili ilə tədris ili arasındakı uyğunsuzluq belə problemlərin yaranmasına necə təsir edir və bu boşluğun aradan qaldırılması üçün hansı mexanizmlər tətbiq olunmalıdır?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli bildirib ki, Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən ödəniş tələb olunması ilə bağlı yaranmış vəziyyət həm hüquqi, həm də institusional baxımdan ciddi suallar doğurur və bu məsələni bir neçə əsas amil üzrə dəyərləndirmək zəruridir.
Onun sözlərinə görə, dövlət sifarişi əsasında maliyyələşmə universitetlə dövlət arasında bağlanmış müqavilə və qüvvədə olan normativ hüquqi aktlar əsasında həyata keçirilir:
"Universitet tələbəni bu sifariş əsasında qəbul edir və ona təhsil xidməti göstərir. Bu halda artıq göstərilmiş xidmətə görə maliyyənin sonradan geri qaytarılması hüquqi sabitlik prinsipinə ziddir. Hüquqda qəbul olunmuş əsas prinsiplərdən biri geriyə qüvvənin yolverilməzliyidir, yəni baş vermiş hüquqi münasibətlər sonradan dəyişdirilərək tərəflərdən birinin zərərinə yozula bilməz. Eyni zamanda məlum olduğu kimi həm universitetin, həm də tələbənin dərs ilinin başlanğıcında dövlətin maliyyə öhdəliklərinə əsaslanan qanuni gözləntiləri formalaşır. Bu gözləntilərin birtərəfli qaydada pozulması hüquqi baxımdan əsaslandırıla bilməz. Buna görə də artıq göstərilmiş təhsil xidmətlərinə görə vəsaitin silinməsi hüquqi cəhətdən əsaslandırılmamış addım kimi qiymətləndirilə bilər".
Dövlət sifarişi üzrə müqavilələrin büdcə ilindən daha üstün hüquqi çərçivəyə malik olması vacibdir
Elçin Mirzəbəyli maliyyə ili ilə tədris ili arasındakı uyğunsuzluğa da diqqət çəkib. O qeyd edib ki, praktikada maliyyə ili yanvar-dekabr aralığını əhatə etdiyi halda, tədris ili sentyabrdan başlayaraq növbəti ilin yay aylarınadək davam edir:
"Bu struktur fərqi dövlət sifarişi üzrə ayrılan vəsaitlərin
planlaşdırılmasında boşluqlar yaradır. Nəticədə ilin sonunda
ayrılmış vəsaitlərin “istifadə olunmamış” kimi geri qaytarılması
halları baş verir, halbuki həmin vəsaitlər faktiki olaraq davam
edən tədris prosesinə yönəldilməlidir. Bu uyğunsuzluq maliyyə
öhdəlikləri ilə real təhsil xidmətlərinin göstərilməsi arasında
ziddiyyət yaradır. Problemin aradan qaldırılması üçün çoxillik
maliyyələşmə modelinin tətbiqi, istifadə olunmamış vəsaitlərin
növbəti ilə keçirilməsinə imkan verən mexanizmlərin yaradılması,
eləcə də dövlət sifarişi üzrə müqavilələrin büdcə ilindən daha
üstün hüquqi çərçivəyə malik olması vacibdir. Eyni zamanda təhsil
xərcləri üçün ayrıca və daha elastik büdcə mexanizminin
formalaşdırılması bu tip problemlərin qarşısını ala bilər.
Üçüncü və ən həssas məsələ isə mövcud şəraitdə tələbələrdən əlavə
ödəniş tələb olunmasının nə dərəcədə qanuni və ədalətli olmasıdır.
Dövlət sifarişi ilə ali təhsil müəssisəsinə qəbul olunmuş tələbə
faktiki olaraq ödənişsiz təhsil hüququ qazanır və bu hüquq onun
müvafiq dövlət qurumu tərəfindən universitetə qəbul qərarı ilə
təsbit olunur. Universitet bu münasibətdə tələbə ilə deyil,
dövlətlə maliyyə əlaqəsindədir. Bu baxımdan, dövlətin maliyyə
öhdəliklərində yaranmış problem tələbənin üzərinə yönəldilə bilməz.
Tələbədən sonradan ödəniş tələb olunması həm hüquqi baxımdan əsaslı
deyil, həm də sosial ədalət prinsipini pozur. Çünki tələbə öz
seçimlərini və gələcək planlarını məhz dövlət təminatına
əsaslanaraq qurur. Bu təminatın sonradan dəyişdirilməsi ictimai
etimadın zədələnməsinə də səbəb ola bilər".
Dövlət tərəfindən əlavə maliyyə vəsaitinin ayrılması, yaxud texniki büdcə korrektələrinin aparılması ilə yaranmış boşluğun aradan qaldırılması mümkündür
Deputat mövcud vəziyyətdən çıxış yolunu isə daha çox dövlət və universitet arasında maliyyə münasibətlərinin düzgün tənzimlənməsindən keçdiyini vurğulayıb:
"Qısamüddətli perspektivdə dövlət tərəfindən əlavə maliyyə vəsaitinin ayrılması, yaxud texniki büdcə korrektələrinin aparılması ilə yaranmış boşluğun aradan qaldırılması mümkündür. Eyni zamanda universitetlə dövlət qurumları arasında maliyyə öhdəliklərinin restrukturizasiyası həyata keçirilə bilər. Bu müddətdə tələbələrdən ödəniş tələb olunması dayandırılmalıdır. Uzunmüddətli perspektivdə isə təhsil maliyyələşmə sistemində islahatların aparılması, maliyyə ili ilə tədris ili arasındakı uyğunsuzluğun aradan qaldırılması və dövlət sifarişi mexanizminin daha dayanıqlı hüquqi əsaslarla müşayiət olunması zəruridir.
Yekun olaraq qeyd etmək olar ki, bu problem təkcə bir universitetin daxilində yaranmış texniki çətinlik deyil, daha geniş mənada dövlət maliyyə idarəçiliyi ilə təhsil sistemi arasında koordinasiya problemlərinin nəticəsidir. Belə hallarda əsas prinsip ondan ibarət olmalıdır ki, dövlət sifarişi ilə təhsil alan tələbə heç bir halda idarəetmə və ya büdcə planlaşdırılması səhvlərinin maliyyə yükünü daşımamalıdır. Bu prinsipin qorunması həm hüquqi dövlət anlayışının, həm də sosial ədalətin vacib tərkib hissəsidir".
