Bakı. Trend:
Aprelin 1-də Moskvaya səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarları ilə Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin Ermənistan və Rusiya ilə dost münasibətlərə malik başqa bir ölkəyə verilməsi məsələsini ətraflı müzakirə edib.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
“Bəli, bu məsələ ətraflı müzakirə olundu, geniş fikir mübadiləsi apardıq, öz mövqelərimizi və baxışlarımızı təqdim etdik, rusiyalı həmkarlarımızın mövqelərini dinlədik və müzakirələri davam etdirmək barədə razılığa gəldik. Müzakirələrin mahiyyəti belədir: problem cəmi bir cümlə ilə ifadə olunur, yəni mövcud şəraitdə Ermənistan Respublikası öz rəqabət üstünlüklərini itirir. Bizim problemimiz ondan ibarətdir ki, Ermənistan öz rəqabət potensialını tam şəkildə reallaşdırmaq imkanına malik olmalıdır. Bizim nəinki Rusiya ilə problemimiz yoxdur, həm də dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və Rusiyanın maraqlarına heç bir şəkildə zərər vurmaq istəmirik. Lakin digər tərəfdən, mövcud vəziyyət bizə rəqabət üstünlüklərimizdən istifadə etməyə imkan vermir və biz birlikdə hansı həll yolunu tapacağımız barədə düşünməliyik”, – baş nazir bildirib.
Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin Ermənistan və Rusiya üçün məqbul olan bir ölkəyə verilməsi təklifi daha əvvəl Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülmüşdü. O qeyd etmişdi ki, Rusiya tərəfinin idarəetmə şərtləri çərçivəsində Ermənistan dəmir yolu müəyyən rəqabət üstünlüklərini itirir, çünki bəzi ölkələr idarəetmənin Rusiyaya məxsus olması səbəbindən Ermənistan dəmir yolunun imkanlarından istifadə etməkdən imtina edirlər.
Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk isə aprelin 2-də Ermənistan dəmir yolu şəbəkəsinin konsessiya idarəçiliyinin üçüncü ölkəyə satılması üçün obyektiv əsasların olmadığını bildirib.
