Bakı. Trend:
ABŞ-İsrail hücumları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Fətihin” xüsusi bölməsinin komandiri - briqada generalı Məhəmməd Əli Fəthəlizadə öldürülüb.
Trend xəbər verir ki, bu barədə “Defa Press” agentliyi məlumat yayıb.
"Fətihin" bölməsinin komandiri general Məhəmməd Əli Fəthəlizadə dünən (çərşənbə günü) “Ramazan müharibəsi” zamanı şəhidlik zirvəsini qəbul edərək, həlak olan qəhrəmanların sırasına qoşulub.”
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
