...

Azərbaycanda sürücülər üçün yeni sığorta formulu tətbiq edildi

Cəmiyyət Materials 2 Aprel 2026 16:55 (UTC +04:00)
Azərbaycanda sürücülər üçün yeni sığorta formulu tətbiq edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.

Trend-in məlumatına görə, sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal (AİTƏ) da tətbiq olunacaq.

Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləği baza sığorta haqqı məbləğinə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla aşağıdakı qaydada hesablanacaq:

  • avtonəqliyyat vasitəsinin sahibi fiziki şəxs olduqda: SH = BSH x ANVƏ x AİTƏ x TYƏ x RƏ x İMƏ x AVİƏ x BMƏ.
  • avtonəqliyyat vasitəsinin sahibi və (və ya) mülkiyyətçisi hüquqi şəxs olduqda: SH = BSH x ANVƏ x AİTƏ x RƏ x İMƏ x HŞƏ x BMƏ.

Yuxarıdakı abreviaturalar aşağıdakı mənaları ifadə edir:

  • SH – bir illik sığorta haqqı məbləği;
  • BSH – baza sığorta haqqı məbləği;
  • ANVƏ – avtonəqliyyat vasitəsinin növünə görə əmsal;
  • AİTƏ – avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal;
  • TYƏ – sığortalının sürücülük təcrübəsi və yaşına görə əmsal;
  • RƏ – avtonəqliyyat vasitəsinin daha çox istifadə olunduğu əraziyə görə əmsal;
  • İMƏ – avtonəqliyyat vasitəsinin istismar müddətinə görə əmsal;
  • AVİƏ – avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal;
  • BMƏ – BM sinfinə görə əmsal;
  • HŞƏ – avtonəqliyyat vasitəsi sahibinin və (və ya) mülkiyyətçisinin hüquqi şəxs olmasına görə əmsal.

Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı baza sığorta haqqı ilə avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin 5 mislindən çox ola bilməz.

Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50 manat məbləğində müəyyən olunub.

Yuxarıda göstərilən əmsalların dərəcələri ilə bu linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, daha əvvəl sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal tətbiq edilmirdi.

Xəbər lenti

Xəbər lenti