Bakı. Trend:
Fevral ayının sonuna olan vəziyyətə görə, bank sistemləri və "Azərpoçt" MMC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min karta çatıb.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
“Debet kartlarının sayı 13% artdığı halda, kredit kartlarının sayı 8% azalıb. Ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların
həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. 2026-ci
ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən
ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 mln. manat təşkil
edibr",-deyə bank bildirib.
Qeyd olunur ki, həyata keçirilən nağdsız ödənişlərin ümumi həcmindən 7,171 milyon manat elektron ticarətin payına düşüb.
“Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar vasitəsilə, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən etibarən ödəniş kartları ilə həyata keçirilən daxili nağdsız əməliyyatların həcmi ümumi daxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib”, – məlumatda deyilir.
Qeyd edək ki, cari ilin 1 mart tarixinə Azərbaycan bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib. Bu göstərici ötən ilin 1 aprel tarixi ilə müqayisədə 3 milyard 571,1 milyon manat və ya 6,7% çoxdur.
Məlumata görə, fəaliyyət göstərən bankların məcmu öhdəlikləri 49 milyard 617,4 milyon manat, balans kapitalı isə 7 milyard 515,4 milyon manat təşkil edib.
Fevral ayında bankların məcmu aktivləri 0,3%, məcmu öhdəlikləri 0,2%, balans kapitalı isə 1,5% artıb.
