Bakı. Trend:
Prezident İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi, tibb elmləri namizədi Akif Alaferdov “Tərəqqi” medalı ilə təltif olunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yüksək mükafata layiq görülən tanınmış diaspor nümayəndəsi Akif Alaferdovla görüşüb.
Görüş zamanı Azərbaycan diasporunun inkişafı, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinin genişləndirilməsi, eləcə də Azərbaycan-Qırğızıstan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrinin təşəbbüsləri, onların milli maraqların qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi istiqamətində gördükləri işlər yüksək qiymətləndirilir.
Akif Alaferdov bu mükafatı onun uzunmüddətli və səmərəli ictimai fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib, soydaşlarımıza göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Soydaşımız öna göstərilən etimadı doğrultmaq üçün bundan sonra da Azərbaycan diasporunun daha da gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində fəaliyyətini daha böyük əzmlə davam etdirəcəyini vurğulayıb.
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif olunduğu “Tərəqqi” medalı Akif Alaferdova təqdim edilib.
Görüşdə iştirak edən Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov qardaş ölkədə yaşayan azərbaycanlıların cəmiyyətə uğurlu inteqrasiya olunduqlarını, ölkənin inkişafına mühüm töhfələr verdiklərini diqqətə çatdırıb.
Xatırladaq ki, Akif Alaferdov xalqlar arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə Qırğızıstanın dövlət mükafatı olan “Dank” ordeni, eyni zamanda, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
