...

Hava zərbəsi nəticəsində İranda humanitar yardımla dolu konteynerlər məhv edilib (FOTO)

Dünya xəbərləri Materials 3 Aprel 2026 12:21 (UTC +04:00)
Hava zərbəsi nəticəsində İranda humanitar yardımla dolu konteynerlər məhv edilib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İranın cənubuna endirilən aviazərbələr nəticəsində Buşer vilayətində İranın Qızıl Aypara cəmiyyətinə məxsus humanitar yardımla dolu konteynerləri məhv olub.

Trend xəbər verir ki, bu barədə cəmiyyətin rəsmi "X" səhifəsindəki bəyanatda bildirilib.

“Hücum cümə günü yerli vaxtla təxminən 05:00 radələrində (Bakı vaxtı ilə 05:30) Buşer vilayətinin Çoqhadak rayonunda baş verib. Nəticədə humanitar yardımın daşınması üçün istifadə olunan iki səyyar konteyner, eləcə də avtobus və xilasedici nəqliyyat vasitəsi məhv olub”,- deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti