Bakı. Trend:
İranda baş verən münaqişə uzun müddət davam edə bilər və uzunmüddətli fəsadlara yol açacaq .
Trend xəbər verir ki, bu fikri Fransanın Xarici İşlər Nazirliyi yanında Avropa məsələləri üzrə nazir Benjamen "Addad Cnews" televiziya kanalının efirində səsləndirib.
“Mənim (gələcəyi göstərən) sehrli kürəm yoxdur, lakin istənilən halda uzun sürəcək və uzunmüddətli nəticələr doğuracaq müharibəyə hazırlaşmaq lazımdır. Bu münaqişə artıq bir aydır davam edir və hazırda ondan çıxış yolu görünmür”, – deyə o bildirib.
Nazir qeyd edib ki, ABŞ və İsrailin İranda apardığı müharibənin nəticələri bütün dünyada hiss olunur. Onun sözlərinə görə, Fransa regiondan neft məhsullarının tədarükündəki pozuntulardan nisbətən az zərər görüb, lakin yanacaq qiymətlərinin artımı ilə üzləşir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
