Bakı. Trend:
Rusiyada Moskva şəhər məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini Rüfət İsmayılovun 533 milyon rubl (14,7 milyon dollar- red) dəyərində əmlakını müsadirə edərək dövlət mülkiyyətinə keçirib.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fevralın sonunda Rusiya Baş Prokurorluğu Dağıstan daxili işlər nazirinin keçmiş müavini Rüfat İsmayılova qarşı 533 milyon rubl dəyərində əmlakın müsadirəsi ilə bağlı məhkəməyə iddia qaldırmışdı.
Rüfət İsmayılov 2023-cü ilin noyabrında və Dağıstan DİN istintaq idarəsinin rəis müavini Dalqat Abdulqapurov külli miqdarda rüşvət alma və səlahiyyətlərini aşma ittihamı ilə Moskvada həbs ediliblər. 2023-cü ilin dekabrında bu iş üzrə nəzarət-metodiki şöbənin müstəntiqi Abdul Abakarov da rüşvət almaqda ittiham olunaraq həbs edilib. 2025-ci ilin payızında iş məhkəməyə göndərilib. İsmayılov özünü qəti şəkildə təqsirsiz hesab etdiyini bildirib.
İstintaqın versiyasına görə, İsmayılov və Abdulqapurov qanunsuz ev tikintisi ilə bağlı cinayət işinin başlanmaması üçün 300 min rubl (3,330 ABŞ dolları) “ana kapitalı” üzrə büdcə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərara görə isə 1 milyon rubl (təx. 11,100 dollar) alıblar.
Səlahiyyətlərdən suistifadə epizodu iş adamı Frolovla bağlıdır: istintaqın iddiasına görə, təqsirləndirilən şəxslər ona kriptovalyuta mayninqi üçün avadanlıq alınmasına 100 milyon rubl veriblər. İş adamı “üzərinə götürdüyü öhdəliklərdən yayınmağa başlayandan sonra” İsmayılov və Abdulqapurov Frolovu pulu qaytarmağa məcbur etmək üçün “saxta zərərçəkmişlərin ərizələri əsasında” onun barəsində cinayət təqibi başladılmasına təşəbbüs göstəriblər.
İsmayılov ədliyyə polkovnikidir. O, 2016-cı ildə Dağıstan üzrə DİN-in istintaq idarəsinin rəis müavini vəzifəsini tutub, 2018-ci ildə idarənin rəhbəri vəzifəsini müvəqqəti icra edib. 2019-cu ilin dekabrında isə respublikanın daxili işlər nazirinin müavini təyin olunub.
