Bakı. Trend:
Bazar günü 49701 şagird orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanı verəcək.
Trend bu barədə Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Belə ki, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
