Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı regional çərçivədən çıxaraq daha geniş geosiyasi kontekstdə təsir imkanlarını artırmağa nail olub.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"2026-cı il aprelin 2-də Bakı Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından mühüm hadisələrə ev sahibliyi etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hökumət başçılarını qəbul etdi. Paralel olaraq isə təşkilat çərçivəsində hökumət başçılarının növbəti toplantısı keçirildi. Son illərdə Türk Dövlətləri Təşkilatı regional çərçivədən çıxaraq daha geniş geosiyasi kontekstdə təsir imkanlarını artırmağa nail olub. Azərbaycanın bu prosesdə oynadığı rol isə xüsusi diqqətə layiqdir. Prezident İlham Əliyev hökumət başçılarını qəbul edərkən çıxışında təşkilatın ölkənin xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha vurğuladı: "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur". Bu fikir yalnız ideoloji yanaşma deyil, həm də praktik siyasətin əsas xəttini müəyyənləşdirir. Azərbaycan uzun illərdir ki, TDT-nin institusional inkişafına və üzv ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə sistemli şəkildə töhfə verir", - o bildirib.
Onun sözlərinə görə, TDT-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas amillərdən biri onun ortaq etnik, mədəni və tarixi köklərə əsaslanmasıdır.
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu faktor təşkilat üçün böyük üstünlük yaradır: "Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür". Bu, sadəcə formal əməkdaşlıq deyil, dərin sosial və mədəni bağlılığa söykənən inteqrasiyadır. Bugünkü beynəlxalq münasibətlər sistemində bir çox təşkilatlar daxilində ziddiyyətlər və qarşıdurmalar müşahidə olunduğu halda, TDT məkanında fərqli mənzərə mövcuddur. Üzv dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin sabit və dostluq xarakterli olması təşkilatın gələcək inkişafı üçün mühüm zəmin yaradır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Bakıda keçirilən görüşdə əsas müzakirə mövzularından biri iqtisadi əməkdaşlıq olub.
"Son illərdə TDT çərçivəsində ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə fondların yaradılması bu sahədə konkret nəticələrin əldə edildiyini göstərir. Azərbaycanın üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə yatırması bu prosesdə aparıcı rol oynadığını təsdiqləyir. Xüsusilə Türkiyə ilə iqtisadi əlaqələr daha geniş miqyas alıb. Bununla yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan ilə yaradılan birgə investisiya fondları gələcək əməkdaşlıq üçün mühüm platformadır. Bu fondlar vasitəsilə sənaye, logistika, kənd təsərrüfatı və digər sahələrdə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu isə TDT-ni sadəcə siyasi platformadan iqtisadi ittifaqa doğru aparan prosesin tərkib hissəsidir", - o bildirib.
Politoloq vurğulayıb ki, TDT ölkələrinin əməkdaşlığının ən parlaq nümunələrindən biri Qarabağın bərpası prosesində müşahidə olunur. Azərbaycan bu məsələdə qardaş ölkələrin dəstəyini xüsusi vurğulayır.
"Özbəkistan tərəfindən inşa edilən məktəb, Qazaxıstanın yaratdığı uşaq yaradıcılıq mərkəzi, Qırğızıstanın tikdiyi təhsil ocaqları və Türkiyə şirkətlərinin infrastruktur layihələrində iştirakı bu həmrəyliyin konkret təzahürüdür. Bu, yalnız iqtisadi yardım deyil, həm də siyasi və mənəvi dəstəyin ifadəsidir. Müasir geosiyasi reallıqlar fonunda nəqliyyat və logistika məsələləri TDT üçün prioritet istiqamətlərdən birinə çevrilib. Xüsusilə Orta Dəhliz və Trans-Xəzər marşrutu Avropa ilə Asiya arasında alternativ və etibarlı ticarət yolu kimi ön plana çıxır. Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə diqqət çəkərək bildirib: "Bu gün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yan keçmək mümkün deyil". Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələr – Bakı Ticarət Limanı, dəmir yolları, avtomobil magistralları və hava limanları – artıq regionun logistika mərkəzinə çevrildiyini göstərir. Xüsusi diqqət çəkən layihələrdən biri də Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması yalnız Azərbaycan və Türkiyə arasında əlaqələri gücləndirməyəcək, eyni zamanda bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq. Enerji sahəsi də TDT daxilində əməkdaşlığın əsas istiqamətlərindən biridir. Xəzər hövzəsinin zəngin enerji resursları və onların Avropaya nəqli məsələsi təşkilatın strateji əhəmiyyətini artırır. Son illərdə enerji təhlükəsizliyi məsələsinin qlobal gündəmdə ön plana çıxması TDT ölkələri üçün yeni imkanlar açır. Bu baxımdan, enerji marşrutlarının şaxələndirilməsi və alternativ layihələrin həyata keçirilməsi prioritet məsələlər sırasındadır", o politoloq bildirib.
A.Qarayev qeyd edib ki, dünya siyasətində baş verən dəyişikliklər fonunda regional təşkilatların rolu artır. Qlobal institutların zəiflədiyi, beynəlxalq qaydaların yenidən formalaşdığı bir dövrdə TDT kimi platformalar daha çevik və effektiv mexanizmlər təklif edir.
"Türkiyə vitse-prezidenti Cevdet Yılmaz çıxışında bu məqama toxunaraq regional əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb. Bu yanaşma göstərir ki, TDT artıq yalnız mədəni və tarixi birlik deyil, həm də geosiyasi aktora çevrilmək potensialına malikdir. TDT-nin qarşısında duran əsas məqsədlərdən biri beynəlxalq səviyyədə daha təsirli təşkilata çevrilməkdir. Prezident İlham Əliyev bu hədəfi açıq şəkildə ifadə edib: "Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir". Bu məqsədə çatmaq üçün bir neçə əsas istiqamət ön plana çıxır: iqtisadi inteqrasiyanın dərinləşdirilməsi; nəqliyyat və enerji layihələrinin genişləndirilməsi; institusional mexanizmlərin gücləndirilməsi; üzv ölkələr arasında siyasi koordinasiyanın artırılması. Bununla yanaşı, təşkilat daxilində sabitlik və qarşılıqlı etimadın qorunması da əsas şərtlərdən biridir", - o bildirib.
Politoloqun sözlərinə görə, Bakıda keçirilən görüş və hökumət başçılarının sammiti Türk Dövlətləri Təşkilatının inkişafında yeni bir mərhələdir.
"Bu tədbirlər göstərdi ki, təşkilat artıq yalnız ideoloji birlik deyil, real iqtisadi və siyasi gücə çevrilməkdədir. Azərbaycanın bu prosesdə oynadığı aktiv rol, Prezident İlham Əliyevin irəli sürdüyü strateji baxış və üzv ölkələrin nümayiş etdirdiyi həmrəylik TDT-nin gələcəyinə nikbin baxmağa əsas verir. Hazırkı dinamika qorunarsa, yaxın illərdə Türk Dövlətləri Təşkilatının yalnız regionda deyil, qlobal miqyasda da mühüm aktora çevrilməsi tam real görünür", - A.Qarayev əlavə edib.
