Bakı.Trend:
Şərqi Aralıq dənizində yerləşən, İsrailin ən böyük qaz yatağı olan “Leviafan”da qaz hasilatı bərpa olunub.
Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“Vəziyyətin qiymətləndirilməsindən və bütün müvafiq amillərin nəzərdən keçirilməsindən sonra bu mərhələdə "Leviafan" platformasında işlərin bərpası qərara alınıb. Daxili bazara təbii qaz tədarükü davam edir və istehsal sisteminə daha bir platformanın inteqrasiyasından sonra artırılacaq,” – İsrail Energetika Nazirliyinin bəyanatında bildirilib.
Qaz yatağında fəaliyyət fevralın 28-də İrana qarşı əməliyyatların başlaması və İrandan gözlənilən raket zərbələri səbəbindən dayandırılmışdı.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
