Bakı.Trend:
ABŞ-nin İranda aviareyd zamanı vurulan “F-35” qırıcısının pilotunu xilas etmək üçün keçirməyə çalışdığı axtarış-xilasetmə əməliyyatı tam uğursuzluqla nəticələnib.
Trend xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əməliyyatda “Black Hawk” helikopterləri və “C-130 Hercules” təyyarəsi iştirak edib.
“Helikopterlərdən biri İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən sərhəd yaxınlığında hücuma məruz qalıb və əməliyyat zonasını tərk edib”, – agentliyin həmsöhbəti bildirib.
Daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus F-35 qırıcısının cümə günü səhər saatlarında ölkənin mərkəzi bölgələri üzərində vurulduğunu açıqlamışdı.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
