Bakı. Trend:
Fransaya məxsus gəmi Yaxın Şərqdə münaqişə başladıqdan sonra ilk dəfə olaraq Hörmüz boğazını keçə bilib.
Trend xəbər verir ki, bu barədə “Bloombger” yazır.
“Fransaya məxsus olduğunu bildirən konteyner daşıyan gəmi Hörmüz boğazından çıxıb. Görünür, bu, Qərbi Avropa ilə əlaqəli gəminin ilk məlum keçididir”, – agentlik iki məlumatlı mənbəyə istinadən yazır.
Məlumata görə, "CMA CGM Kribi" adlı gəmi cümə axşamı günortadan sonra Dubayın (BƏƏ) ərazi sularından İran istiqamətində çıxıb və gəminin sahibinin fransız olduğunu siqnal edib. “Bloomberg” bu barədə gəmi izləmə sistemlərinə istinadla xəbər verir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
