Bakı. Trend:
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində bir boruqayırma şirkəti ABŞ-nin İranda vurulan qırıcı təyyarəsinin pilotlarını canlı tapan şəxsə 150 milyard rial (təxminən 94,6 min dollar) dəyərində mükafat verəcəyini elan edib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Media şirkətin adını açıqlamayıb.
Eyni zamanda Buşehr vilayətində bir iş adamı ABŞ pilotlarını canlı gətirən şəxsə rəsmi şəkildə veriləcək mükafatlardan əlavə özü tərəfindən 10 milyard rial (təxminən 6,3 min dollar) dəyərində mükafat verəcəyini elan edib.
Əlavə edək ki, bu gün İran tərəfi ölkə səmasında ABŞ-yə məxsus F35 qırıcı təyyarəsinin vurulduğunu elan edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
