Bakı. Trend:
FIFA 2026 futbol üzrə dünya çempionatında iştirak edəcək 48 komandanın dəqiqləşməsindən sonra yenidən başlayan bilet satışlarında qiymət artımları diqqət çəkib. FIFA iyulun 19-da Nyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək final oyununun ən yüksək bilet qiymətini 10 min 990 dollara qaldırıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu qiymət dekabr ayında keçirilən püşkatmadan sonra 8 min 680 dollar idi.
Final oyununun digər kateqoriyalarında da ciddi artımlar qeydə alınıb:
Kategoriya 2: 5 min 575 dollardan 7 min 380 dollara yüksəlib.
Kategoriya 3: 4 min 185 dollardan 5 min 585 dollara çatıb.
Məlumata görə, FIFA ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində keçiriləcək turnirdə “dinamik qiymətləndirmə” modelini tətbiq edir.
Bu sistem tələbatdan asılı olaraq qiymətlərin anlıq dəyişməsinə imkan verir.
ABŞ Konqresinin 69 demokrat üzvü FIFA prezidenti Canni İnfantinoya ünvanladıqları məktubda bu tətbiqi tənqid edərək, 2026 Dünya Kubokunun tarixdə “maliyyə baxımından ən kənarlaşdırıcı” turnir olacağı barədə xəbərdarlıq ediblər.
Açılış və qrup oyunlarında da artım var
Turnirin açılış və qrup mərhələsi oyunlarında da qiymət artımları müşahidə olunub:
Meksika – Səudiyyə Ərəbistanı (açılış): ən ucuz bilet 2 min 355 dollardan 2 min 985 dollara yüksəlib.
Kanada – Bosniya və Herseqovina: bilet qiyməti 2 min 170 dollardan 2 min 240 dollara qalxıb.
ABŞ – Paraqvay: iyunun 12-də keçiriləcək açılış oyunu üçün yalnız 2 min 735 dollarlıq ən yüksək kateqoriya biletlər qalıb.
Bundan başqa bilet satışlarının “son mərhələ” adı ilə yenidən başlaması ilə FIFA-nın saytında texniki nasazlıqlar yaşanıb. Bir çox istifadəçi saatlarla növbədə gözlədiyini, bəzi azarkeşlər isə yanlış yönləndirmələr səbəbindən bilet ala bilmədiklərini bildiriblər.
FIFA açıqlayıb ki, bütün biletlər hələ satışa çıxarılmayıb və iyunun 11-dən iyulun 19-dək keçiriləcək 104 oyun üçün biletlər mərhələli şəkildə satışa buraxılacaq.
Eyni zamanda bildirilib ki, hər iştirakçı ölkənin federasiyasına ən sadiq azarkeşlər üçün təxminən 400-700 ədəd olmaqla 60 dollarlıq ucuz bilet kvotası ayrılacaq.
