Bakı. Trend:
Buşehr Atom Elektrik Stansiyasında istənilən radiasiya Tehranı deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin paytaxtlarını məhvə doğru apara bilər.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, indiyədək ABŞ və İsrail Buşehr AES-i dörd dəfə bombardman edib.
Əraqçi bildirib ki, İranın neft-kimya infrastrukturlarına hücumlar da qarşı tərəflərin məqsədlərini göstərir.
Xatırladaq ki, bu gün ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Buşehr AES-i ərazisinə raket düşüb. Nəticədə stansiyanın mühafizəçilərindən biri ölüb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
