...

İranda Buşehr AES-ə yenidən hücum edilib

Dünya xəbərləri Materials 4 Aprel 2026 12:43 (UTC +04:00)
İranda Buşehr AES-ə yenidən hücum edilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisinə yenidən hücum edilib.

Trend-in məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı "X" hesabında paylaşım edib.

Bildirilib ki, Buşehr AES-in ərazisinə bir raket düşüb. Baş verən partlayış nəticəsində stansiyanın kənar binalarından birinə ziyan dəyib və mühafizəçilərdən biri ölüb.

Bu hücum nəticəsində Buşehr AES-in əsas hissələrinə ziyan dəymədiyi və stansiyanın elektrik istehsalına hər hansı maneə yaranmadığı qeyd olunub.

Bu, 28 fevraldan bəri Buşehr AES-ə 4-cü hücum hesab olunur.

Xatırladaq ki, Buşehr AES-in 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atom şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub. 10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı 65 milyard kilovat saatdan çox təşkil edib.

Buşehr AES-də elektrik istehsalı 2013-cü ildən 20 mart 2025-dək 72,4 milyon kilovat saat təşkil edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti