Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək,bölgələrdə isə aprelin 4-ü səhər saatlarından qərb rayonlarından başlayaraq 7-si səhərədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu cür hava yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilir.
Müraciətdə qeyd edilib ki, yağıntı zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması sürücülərdən daha yüksək diqqət və məsuliyyət tələb edir. Yağıntının müxtəlif bölgələr üzrə bir neçə gün fasilələrlə davam edəcəyi gözlənilir.
"BDYPİ bir daha diqqətə çatdırır ki, belə hava şəraitində hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, ara məsafəsi artırılmalı, kəskin manevrlərdən çəkinilməli, nəqliyyat vasitələrinin şüşəsilən və işıqlandırma sistemlərinin saz vəziyyətdə olmasına xüsusi diqqət yetirilməlidir.
Eyni zamanda bildirilib ki, əlverişsiz hava piyadalar üçün də əlavə çətinliklər yaradır. Bu səbəbdən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, hərəkətə başlamazdan əvvəl bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığına əmin olmalıdırlar.
BDYPİ hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, belə hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər", - müraciətdə qeyd olunub.
