Bakı. Trend:
28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda indiyədək 24 tibb işçisi ölüb, 116 əməkdaş isə yaralanıb.
Trend bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, qeyd olunan müddətdə 41 təcili yardım maşınına, 54 təcili yardım mərkəzinə, 45 müalicə mərkəzinə və 216 tibb məntəqəsinə ziyan dəyib.
Nazirlik bildirib ki, sözügedən müddətdə 18 yaşdan aşağı 216 gənc, o cümlədən 5 yaşdan aşağı 17 uşaq ölüb. Həmçinin 251 qadın ölüb, 4,7 min qadın yaralanıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
