Bakı. Trend:
Cari ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanın rezident maliyyə institutları tərəfindən buraxılmış "MasterCard" ödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxil olmaqla) vasitəsilə ümumilikdə 74,694 milyon əməliyyat həyata keçirilib və əməliyyatların ümumi məbləği 4,444 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 8,355 milyon (12,6 faiz) artıb, əməliyyatların məbləği isə 246 milyon manat (5,2 faiz) azalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış "MasterCard" kartları üzrə əməliyyatların sayı 487 min, əməliyyatların məbləği isə 49,9 milyon manat təşkil edib.
Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə aparılan tranzaksiyalardır.
