Bakı. Trend:
28 fevraldan bəri İranda 30-dan çox universitet ABŞ və İsrailin hərbi hava hücumlarına məruz qalıb.
Trend-in məlumatına görə, bunu İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın qeyri-hərbi, təhsil və tədqiqatla əlaqədar obyektləri hücumlara məruz qalmaqdadır. İranda hazırda milyonlarla məktəbli və tələbə təhsildən məhrum olub.
İranlı nazir qeyd edib ki, indiyə qədər 60-dan çox tələbə hərbi hava hücumları nəticəsində ölüb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
