...

Azərbaycanın maliyyə sektorunun həftəlik İCMALI

İqtisadiyyat Materials 4 Aprel 2026 17:51 (UTC +04:00)
Azərbaycanın maliyyə sektorunun həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə Azərbaycanın maliyyə sektorunda əsas diqqət Azərbaycan Mərkəzi Bankı tərəfindən qəbul edilən pul siyasəti qərarları və açıqlanan statistik göstəricilər üzərində cəmlənib. Ümumilikdə, makroiqtisadi sabitliyin qorunduğu, lakin xarici risklərin artdığı bir mərhələnin müşahidə olunduğunu demək olar.

Aprelin 2-də Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxladı. Belə ki, uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyənləşib. Bu qərar inflyasiyanın hədəf intervalı (4±2%) daxilində qalması ilə əlaqələndirildi. 2026-cı ilin fevralında illik inflyasiya 5,7% səviyyəsində olub ki, bu da hədəf çərçivəsinə uyğundur. Qiymət artımında əsas təsir xarici mənşəli xərc amillərindən qaynaqlanır və xüsusilə qida məhsulları və xidmətlər üzrə artım daha yüksəkdir. Bununla yanaşı, regionda artan geosiyasi gərginliklər və qlobal bazarlardakı dəyişkənlik inflyasiya risklərini artıran əsas faktorlar kimi qiymətləndirilir.

Valyuta bazarında vəziyyət sabit olaraq qalır. İlın əvvəlindən nağd xarici valyutaya tələbatın təklifdən az olması və əmanətlərin dollarlaşma səviyyəsinin 27,7%-ə qədər enməsi manatın məzənnəsinə olan inamın artdığını göstərir. Bu fonda Mərkəzi Bankın valyuta ehtiyatları da artaraq 11,7 milyard ABŞ dollarına çatıb. Xarici ticarətdə 1,1 milyard dollarlıq müsbət saldo və enerji qiymətlərində yüksəliş isə xarici sektorun dayanıqlığını dəstəkləyir.

Pul bazarında da müsbət dinamika müşahidə olunur. 2026-cı il aprelin 1-nə pul bazası 23,8 milyard manata çataraq həm aylıq, həm də illik müqayisədə artım göstərib. Bununla yanaşı, manatın dövretmə sürətinin azalması iqtisadiyyatda pulun daha ehtiyatlı istifadə olunduğunu göstərir ki, bu da tələb tərəfinin nisbətən zəif olduğunu ehtimal etməyə əsas verir.

Bank sektorunda artım davam edir. Bu ilin fevralın 28-nə bank sektorunun aktivləri illik müqayisədə 6,7% artaraq 57,1 milyard manata çatıb. Kredit portfeli genişlənərək 30,1 milyard manat olub və burada əsas pay biznes kreditlərinə məxsusdur. Bankların mənfəəti də artıb və ilin ilk iki ayında 189,7 milyon manat təşkil edib. Depozitlər strukturunda isə manatla əmanətlər üstünlük təşkil edir və xarici valyuta əmanətlərini 2 dəfədən çox üstələyir. Bu da milli valyutaya etimadın gücləndiyini göstərən mühüm göstəricidir.

Ödəniş sistemlərində də aktivlik yüksəlir. Ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi isə illik müqayisədə 15% artıb. Xüsusilə elektron ticarətin payının yüksək olması rəqəmsal maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyini göstərir.

Sığorta sektorunda isə qarışıq mənzərə formalaşıb. Ümumi sığorta haqları cüzi azalsa da, ödənişlərin həcmi kəskin artıb. Könüllü sığorta segmenti böyümə nümayiş etdirərkən, icbari sığorta yığımlarında azalma qeydə alınıb. Həyat sığortası və qeyri-həyat sığortası üzrə ödənişlərin artması isə sektorun daha çox kompensasiya yönümlü mərhələyə keçdiyini göstərir.

Eyni zamanda, ipoteka kreditləşməsi zəifləyib. Dövlət xətti ilə verilən ipoteka kreditləri ötən illə müqayisədə iki dəfə azalıb ki, bu da həm maliyyə şərtləri, həm də bazardakı ehtiyatlı davranışla izah oluna bilər.

Ümumilikdə, bu həftənin yekunlarına əsasən demək olar ki, Azərbaycanın maliyyə sektoru makroiqtisadi sabitliyi qoruyur, bank və ödəniş sistemlərində artım davam edir. Lakin qlobal iqtisadi qeyri-müəyyənliklər və regiondakı geosiyasi risklər fonunda inflyasiya və xarici təsirlər əsas diqqət mərkəzində qalmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti