Bakı. Trend:
İranın qənaətincə ultimatum və müharibə ilə müzakirənin heç bir uyğunluğu yoxdur.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (6 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran vasitəçilər vasitəsi ilə İrana elan olunan 15 maddəlik plan haqda öz mövqeyini şəffaf şəkildə bildirib və qeyri-məntiqli olduğunu qeyd edib.
Bəqai bildirib ki, İran öz mənafeyinə uyğun olaraq tələblərini tənzimləyib.
İran rəsmisi qeyd edib ki, İranın mövqeyi vasitəçilər tərəfindən qarşı tərəfə çatdırılmaqdadır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
