...

ABŞ İranda pilotların xilas edilməsi zamanı 10 uçuş vasitəsini itirib

Dünya xəbərləri Materials 6 Aprel 2026 11:35 (UTC +04:00)
ABŞ İranda pilotların xilas edilməsi zamanı 10 uçuş vasitəsini itirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İranda vurulmuş “F-15E” qırıcısının ekipajının xilasedilməsi üzrə keçirdiyi əməliyyat zamanı helikopterlər, pilotsuz uçuş aparatları və dəstək təyyarələri daxil olmaqla on ədəd uçuş vasitəsini itirib.

Trend xəbər verir ki, bu barədə “Military Watch Magazine” (MWM) portalı yazır.

“İran üzərində aşağı yüksəkliklərdə həyata keçirilən uçuşlar zamanı İranın hava hücumundan müdafiə vasitələri tərəfindən iki ədəd “UH-60” helikopteri, iki ədəd “MQ-9” pilotsuz uçuş aparatı, hava dəstəyi verdiyi bildirilən bir “A-10” təyyarəsi və İsrailə məxsus “Hermes 900” kəşfiyyat PUA-sı vurulub”, — məlumatda deyilir.

Bundan əlavə, iki ədəd “HC-130J Combat King II” təyyarəsi və iki “MH-6” helikopteri İranda məcburi eniş etdikdən sonra onların İran tərəfinin əlinə keçməsinin qarşısını almaq məqsədilə ABŞ tərəfindən məhv edilib. Eyni zamanda, onların bir hissəsinin İran tərəfinin zərbələri nəticəsində məhv edilmiş ola biləcəyi də istisna olunmur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti