Bakı. Trend:
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə İran və Hizbullahın hücumları ilə əlaqədar 163 nəfər xəstəxanalara çatdırılıb.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
Yaralananlardan biri 82 yaşlı sakindir. İranın atdığı ballistik raket hücumu nəticəsində ağır yaralanıb. Cərrahiyə əməliyyatından sonra onun süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Eyni zamanda onun 78 yaşlı həyat yoldaşı xəstəxanaya yerləşdirilsə də, vəziyyətinin kafi olduğu qeyd olunur.
Bundan başqa, Petah Tikva şəhərinə ballistik hücum nəticəsində yaralanmış bir sakinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
