Bakı. Trend:
Doğuşdan sonrakı dövr – zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.
Trend xəbər verir ki, mövzu ilə bağlı ən çox verilən suallara Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Nigar Sadıqova aydınlıq gətirib.
- Nigar xanım, bu günkü mövzumuz zahılıq dövründə qadının bərpasıdır. İlk olaraq, zahılıq dövrü nədir?
– Zahılıq dövrü qadın orqanizminin doğuşdan sonra tədricən
hamiləlikdən əvvəlki fizioloji və psixoloji vəziyyətinə qayıtdığı 6
həftəlik (42 günlük) bərpa mərhələsidir. Bu dövrdə hamiləlik və
doğuş zamanı dəyişmiş orqan və sistemlər yenidən uyğunlaşma
prosesinə daxil olur. Zahılıq yalnız fiziki sağalma mərhələsi
deyil, eyni zamanda qadının ana roluna uyğunlaşdığı, emosional və
hormonal tarazlığın yenidən formalaşdığı mühüm bir dövrdür. Qeyd
etmək vacibdir ki, bərpa prosesi bütün orqanlarda eyni sürətlə
getmir. Bəzi sistemlər daha tez, bəziləri isə daha uzun müddət
ərzində normallaşır.
Zahılıq dövrü klinik baxımdan üç mərhələyə bölünür. Çox erkən
zahılıq doğuşdan sonrakı ilk 24 saatı əhatə edir və bu mərhələdə
qadının həyati göstəriciləri, qanaxma riski və ümumi vəziyyəti
xüsusi nəzarətdə saxlanılır. Erkən zahılıq doğuşdan sonrakı ilk 1
həftəni əhatə edir və bu müddətdə uşaqlığın yığılması, hormonal
dəyişikliklər və süd ifrazının başlaması müşahidə olunur. Gec
zahılıq isə qalan 5 həftəni əhatə edir və bu mərhələdə cinsiyyət
orqanlarının, hormon sisteminin və ümumi fiziki vəziyyətin bərpası
davam edir. Adətən cinsiyyət orqanları 6 həftə ərzində normal
vəziyyətinə qayıdır.
Aybaşı dövrünün bərpası isə qadının əmizdirib-əmizdirməməsindən
birbaşa asılıdır. Əmizdirməyən anaların böyük əksəriyyətində
zahılıq dövrünün sonunda aybaşı yenidən başlayır. Əmizdirən
qadınlarda isə süd ifrazını təmin edən prolaktin hormonunun yüksək
olması səbəbindən aybaşının bərpası 6 ay və ya daha uzun müddət
gecikə bilər. Bu hal fizioloji sayılır və xəstəlik əlaməti kimi
qiymətləndirilməməlidir.
– Zahı qadının bərpası necə baş verir?
– Doğuşdan sonra baş verən ən əsas və ilk dəyişiklik uşaqlığın
əvvəlki ölçüsünə qayıtması, yəni kiçilməsidir (involyusiya).
Hamiləlik dövründə xeyli böyüyən uşaqlıq doğuşdan dərhal sonra
yığılmağa başlayır və hər gün tədricən kiçilir. Bu proses həm
doğuşdan sonrakı qanaxmanın azalmasına, həm də orqanizmin əvvəlki
anatomik vəziyyətinə qayıtmasına kömək edir. Uşaqlığın normal
şəkildə yığılması zahılıq dövrünün sağlam keçməsinin əsas
göstəricilərindən biri hesab olunur.
Hamiləlik müddətində uşaqlıq təxminən 20 qat böyüyür, ancaq
doğuşdan sonra sürətlə kiçilməyə başlayır. Uşaq doğulduqdan dərhal
sonra təxminən hamiləliyin 20-ci həftəsində olduğu ölçüyə düşür. Bu
müddətdə ağırlığı təqribən 1 kg qədər olur. Birinci həftənin
sonunda 12 həftəlik hamiləlik böyüklüyündə olan həcmi 6 həftə
sonunda hamiləlik öncəsi böyüklüyündə olur.
Bədənimizdə çəki və həcmi baxımından bu qədər çox böyüyüb sonra kiçilən ikinci bir orqanımız yoxdur. Uşaqlığın bu xüsusiyyəti elm dünyasını günümüzdə də təəccübləndirməkdə davam etməkdədir və hələ elmi cəhətdən tam olaraq açıqlanmamaqdadır.
Doğuşdan dərhal sonra uşaqlıq yığılmalarının gücü doğuş ərzində olan gücündən daha çox olur. Bu ağrılar 2-3 gün davam edə bilir. Daha əvvəl doğanlarda (multiparlarda) nisbətən çox hiss edilir. İlk 12 saatda sıxlıqları daha çoxdur, bu saatdan sonra həm sıxlığı həm şiddəti tədricən azalır.
Doğuş vaxtı 10 sm açılan və tamam incəlib kağız kimi olan uşaqlıq boynu açıqlığı bir həftə sonunda təxminən 1 sm-ə enir. Uşaqlıq boynu normal doğanlarda artıq dairəvi deyil yastı formada olur. Uşaqlıq boynunun tamam sağalması 6 həftə vaxt alır. Doğuş vaxtı çox enlənən uşaqlıq yolu yavaş-yavaş sağalmağa başlayar və zahılığın 3-cü həftəsinin sonunda öz vəziyyətini alır. Hamiləlik boyunca genişlənən və dartılan qarın və çanaq əzələləri 6 həftədən sonra yığılır və bu müddətdən sonra fiziki hərəkətlər məsləhətdir. Qan dövranı, endokrin kimi digər sistemlərdə olan dəyişikliklər də 6 həftə sonunda normal halına qayıdır.
– Zahılıq dövründə hansı problemlər yarana bilər?
– Zahılıq dövrü qadın orqanizmində baş verən intensiv bərpa
mərhələsi olduğu üçün bu müddətdə müəyyən sağlamlıq problemlərinin
yaranması mümkündür. Doğuşdan sonra ilk saatlar və günlər xüsusilə
nəzarət tələb edir. Məhz buna görə, qadın doğuşdan sonra ən azı 24
saat tibbi müşahidə altında saxlanılmalı, arterial təzyiq mütəmadi
ölçülməli və qanaxmanın miqdarı diqqətlə izlənilməlidir. Bu nəzarət
mümkün ağırlaşmaların erkən mərhələdə aşkarlanmasına imkan
yaradır.
Zahılıq dövründə tez-tez rast gəlinən hallardan biri doğuşdan sonra
yaranan vaginal axıntılardır. Uşaqlığın daxilindən gələn bu axıntı
tibbi olaraq loxi (lochia) adlanır və uşaqlığın təmizlənməsi, eyni
zamanda əvvəlki vəziyyətinə qayıtması prosesinin təbii
göstəricisidir. İlk günlərdə loxi daha qanlı olur, sonrakı günlərdə
miqdarı azalır, rəngi açılır və tədricən durulaşır. Adətən bu
axıntılar təxminən 3–4 həftə ərzində mərhələli şəkildə azalaraq tam
kəsilir. Loxinin normadan uzun sürməsi, kəskin qoxulu olması və ya
miqdarının artması infeksiya və ya uşaqlığın tam bərpa olunmaması
ilə əlaqəli ola bilər və bu halda həkimə müraciət edilməlidir.
Zahılıq dövründə mümkün problemlərdən biri də infeksiyalardır. Ən
çox rast gəlinən infeksiya uşaqlıq daxilinin iltihabı –
endometritdir. Bu vəziyyət adətən doğuşdan sonrakı ilk günlərdə
bədən hərarətinin yüksəlməsi, qarın alt hissəsində ağrı, ümumi
halsızlıq və loxinin xarakterinin dəyişməsi ilə özünü göstərə
bilər. Belə hallarda vaxtında tibbi müdaxilə vacibdir və müalicə
yalnız həkim məsləhəti ilə aparılmalıdır.
Bununla yanaşı, zahılıq dövründə qadının psixoloji vəziyyətində də dəyişikliklər müşahidə oluna bilər. Emosional həssaslıq, tez kövrəlmə, əhvalın dəyişkən olması bu dövr üçün xarakterikdir və əksər hallarda müvəqqəti xarakter daşıyır. Lakin bu hallar uzun müddət davam edərsə və gündəlik həyata təsir edərsə, mütəxəssis dəstəyi tövsiyə olunur.
Zahılıq dövründə yaranan problemlərin vaxtında aşkarlanması və düzgün idarə olunması qadının sağlam bərpası üçün əsas şərtdir. Bu səbəbdən həm fiziki dəyişikliklərə, həm də vaginal axıntıların gedişinə və ümumi sağlamlıq vəziyyətinə diqqətlə yanaşmaq böyük əhəmiyyət daşıyır.
– Zahılıq dövründə doğuş yarasına və cinsiyyət üzvlərinə qulluq necə edilməlidir?
– Zahılıq dövründə cinsiyyət üzvlərinə və doğuş zamanı yaranmış yaralara düzgün qulluq qadının sağlam bərpası və infeksiyaların qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Normal doğuş zamanı nəzarətsiz cırıqların qarşısını almaq məqsədilə bəzi hallarda həkim tərəfindən aralıq nahiyəsində planlı kəsik aparılır. Bu kəsik epiziotomiya adlanır və doğuşdan sonra xüsusi diqqət tələb edən sahələrdən biridir.
Aralıq bölgəsinə düzgün qulluq edilməsi epiziotomiya yerinin daha tez sağalmasına, ağrının azalmasına və infeksiya riskinin minimuma endirilməsinə kömək edir. Adətən bu qulluq prosesi 1–3 həftə davam edir və həmin müddətdə gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Doğuşdan sonrakı ilk günlərdə aralıq nahiyəsində ağrı, həssaslıq və yüngül şişkinlik müşahidə oluna bilər ki, bu da normal hesab olunur.
Ağrı və ödemin azalması üçün aralıq bölgəsinə qısa müddətli soyuq tətbiqlər (buz kompresləri) faydalı ola bilər. Buz birbaşa dəriyə deyil, mütləq yumşaq, təmiz parça vasitəsilə tətbiq edilməlidir. Bu cür tətbiqlər xüsusilə ilk günlərdə rahatlama təmin edir. Ağrılar davamlı və ya narahatedici olarsa, yalnız həkim tərəfindən məsləhət görülən ağrıkəsici dərmanlardan istifadə edilməlidir. Doğuşdan sonra qəbizlik və ya babasil kimi problemlər yarandıqda, həkim məsləhəti ilə nəcisi yumşaldan vasitələrdən istifadə edilə bilər, çünki gücənmə yara nahiyəsinə əlavə təzyiq yarada bilər.
Aralıq bölgəsinin təmizliyi zahılıq dövründə əsas şərtlərdən biridir. Əksər hallarda təmiz su ilə yuyunma kifayət edir, lakin bəzi hallarda həkim tərəfindən antiseptik məhlullar da tövsiyə oluna bilər. Vaginal axıntı və qanaxmaların davam etdiyi müddətdə gigiyenik bezlərdən istifadə edilməli və onlar tez-tez dəyişdirilməlidir. Tamponlardan istifadə isə tövsiyə edilmir. Həmçinin tualetdən sonra təmizliyə xüsusi diqqət yetirilməlidir. Təmizlənmə həmişə öndən arxaya doğru aparılmalı, bu yolla mikrobların cinsiyyət yollarına keçməsinin qarşısı alınmalıdır. Aralıq nahiyəsi mümkün qədər quru saxlanmalı, nəm və rütubətli mühitdən qorunmalıdır. Güclü ağrı, artan şişkinlik, qızartı, irinli axıntı və ya pis qoxu hiss edildikdə dərhal həkimə müraciət etmək vacibdir.
Zahılıq dövründə cinsiyyət üzvlərinə və doğuş yarasına düzgün və müntəzəm qulluq qadının daha rahat bərpa olunmasına, gündəlik həyata tez uyğunlaşmasına və uzunmüddətli fəsadların qarşısının alınmasına mühüm töhfə verir.
– Zahılıq dövründə edilən doğrular və yanlışlar nələrdir?
– Zahılıq dövrü qadının həm fiziki, həm də psixoloji baxımdan bərpa olunduğu həssas mərhələdir. Bu dövrdə düzgün davranışlar sağalmanı sürətləndirir, yanlış yanaşmalar isə bərpa prosesini uzada və əlavə problemlərə səbəb ola bilər. Hamiləlikdə olduğu kimi, zahılıq dövründə də müəyyən qaydalara əməl etmək vacibdir.
Müasir tibbi yanaşmalara görə, normal doğuşdan sonra təxminən 24 saat, cərrahi (qeysəriyyə) doğuşdan sonra isə 48 saat xəstəxanada qalmaq kifayət hesab olunur. Evə buraxıldıqdan sonra ananın gün ərzində istirahət etməsi tövsiyə edilir, lakin bu istirahət yalnız uzanmaq və hərəkətsiz qalmaq formasında olmamalıdır. Gün ərzində ev daxilində yüngül hərəkətlər etmək, qısa məsafələrdə gəzmək qan dövranını yaxşılaşdırır, bədənin bərpasını dəstəkləyir və ananın özünə olan inamını artırır.
Qidalanma zahılıq dövrünün əsas sütunlarından biridir. Doğuşdan
sonra ana, özünə zərər verməyən və orqanizmini narahat etməyən
qidaları rahatlıqla qəbul edə bilər. Xüsusilə zülalla zəngin
qidalar, təzə meyvə və tərəvəzlər bərpa prosesini sürətləndirir.
Süd verən anaların gündəlik enerji tələbatı artır və onların
təxminən 2600–2800 kilokalori qəbul etməsi tövsiyə olunur. Eyni
zamanda, doğuşdan sonra bağırsaq hərəkətlərinin yavaşlaması və
qəbizlik müşahidə oluna bilər. Bu halın qarşısını almaq üçün lifli
qidaların qəbulu və bol maye içilməsi vacibdir.
Gigiyena məsələləri də zahılıq dövründə xüsusi diqqət tələb edir.
Normal doğuşdan sonra dərhal, cərrahi doğuşdan sonra isə adətən
üçüncü gündən etibarən ayaqüstü duş qəbul etmək mümkündür. Lakin
aralıq nahiyəsinə ilıq və ya isti oturma vannalarının edilməsi
tövsiyə edilmir, çünki bu, infeksiya riskini artıra bilər. Normal
doğuş zamanı aparılan epiziotomiya sahəsi əksər hallarda vaginanın
sağ tərəfində yerləşir. Bu səbəbdən oturarkən və uzanarkən həmin
nahiyəyə artıq təzyiq göstərməmək, ağırlığı mümkün qədər digər
tərəfə yönəltmək məsləhətdir.
Fiziki aktivlik zahılıq dövründə mərhələli şəkildə artırılmalıdır.
Qarın və çanaq əzələlərini gücləndirmək üçün fiziki hərəkətlər
faydalıdır, lakin bu məşqlərə yalnız 6 həftədən sonra başlanmalı və
ilk mərhələdə əzələləri həddindən artıq yoran hərəkətlərdən uzaq
durulmalıdır.
Doğuşdan sonra cinsi istəkdə müvəqqəti azalma müşahidə edilə
bilər. Bu hal çox vaxt psixoloji səbəblərlə əlaqədardır və əksər
qadınlarda təxminən 12-ci həftədən sonra tədricən normallaşır.
Ümumiyyətlə, doğuşdan 20–25 gün sonra cinsi əlaqəyə icazə verilə
bilər, lakin bu qərar qadının ümumi vəziyyətinə və həkim
tövsiyəsinə əsaslanmalıdır. Əmizdirmə dövründə prolaktin hormonunun
yüksəlməsi estrogen səviyyəsini azaldaraq vaginada quruluğa səbəb
ola bilər. Bu vəziyyətdə xüsusi gellər və kremlərdən istifadə
rahatlıq yarada bilər. Narahatlıq davam edərsə, mütləq həkim
müayinəsindən keçmək tövsiyə olunur.
Zahılıq dövründə düzgün davranışlar və tibbi tövsiyələrə əməl
edilməsi qadının sağlam və təhlükəsiz şəkildə bərpa olunmasının
əsas şərtidir.
