Bakı. Trend:
İran körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarından birinə çevrilə bilər.
Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarif siyasəti departamentinin marketinq şöbəsi rəis müavini Ziya Məmmədov sosial şəbəkə hesabında yazıb.
Qeyd olunur ki, son illərdə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, geosiyasi risklərin artması və logistika xərclərinin optimallaşdırılması zərurəti alternativ nəqliyyat marşrutlarının axtarışını sürətləndirib:
“Bu kontekstdə İran körfəzi ölkələrinin yeni dəhlizlər vasitəsilə Avrasiya bazarlarına çıxışa artan marağı getdikcə daha aydın görünür”.
Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələr qlobal ticarətdə mövqelərini möhkəmləndirmək üçün daha dayanıqlı və çevik logistika həlləri fəal şəkildə axtarırlar.
“Dünya ticarət marşrutlarının əhəmiyyətli hissəsi Hörmüz boğazından asılı olduğu üçün bu strateji dar keçiddə baş verən hər hansı pozuntu və ya qeyri-sabitlik təchizat zəncirlərinə birbaşa təsir göstərir. Mümkün blokadalar uzunmüddətli və proqnozlaşdırılması çətin gecikmələrə səbəb ola bilər, bu isə həm logistika operatorları, həm də yük sahibləri üçün əməliyyat xərclərini artırır və etibarlılığı azaldır.
Bu fonda Azərbaycan üzərindən keçən Orta Dəhliz alternativ variantdan strateji zərurətə çevrilir. O, İran körfəzi regionunu Qafqaz, Avropa və Mərkəzi Asiya ilə birləşdirir, çevik multimodal nəqliyyat həlli təqdim edir və eyni zamanda geosiyasi və logistika risklərini şaxələndirir”, – deyə o bildirib.
Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadi coğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararası ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və daha balanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasını dəstəkləyir”.
“Effektiv inkişaf şəraitində Azərbaycan tranzit ölkədən iri qlobal logistika mərkəzinə çevrilmək potensialına malikdir. Bu, onun geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə artıracaq və uzunmüddətli regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
Z. Məmmədov vurğulayıb ki, bu gün logistika artıq yalnız məsafə məsələsi deyil, dayanıqlılıq, çeviklik və risklərin effektiv idarə olunması məsələsidir. Bu kontekstdə Fars körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarından birinə çevrilə bilər.
Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadi coğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararası ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və daha balanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasını dəstəkləyir”.
