Bakı. Trend:
Bakı–Quba yolunun bir hissəsini sel suları basıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə məlumat verilib ki, intensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb və bu axınlar sürətlə düzənlik istiqamətində, Xəzər dənizi istiqamətinə yönəlib.
Qeyd olunub ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yerləşən suötürücü borular və keçid qurğuları bu həcmdə və intensivlikdə sel sularını ötürə bilmədiyi üçün su kütləsi yolun hərəkət hissəsinə dolub.
Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bildirilib ki, hazırda vəziyyətin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Texnikaların köməyi ilə yolun hərəkət hissəsində toplanmış suyun kənarlaşdırılması, axının istiqamətləndirilməsi və yol infrastrukturunun təhlükəsizliyinin bərpası istiqamətində işlər davam etdirilir.
Sürücülərə tövsiyə olunur ki, qeyd olunan istiqamətdə hərəkət edərkən diqqətli olsunlar və mümkün qədər alternativ marşrutlardan istifadə etsinlər.
