Bakı. Trend:
Sukuk bazarı 2026-cı ilə möhkəm kredit göstəriciləri ilə daxil olub.
Trend xəbər verir ki, bu barədə “Fitch Ratings” prezidenti İen Linnel İslam Maliyyə Simpoziumunun gedişində bəyan edib.
“Bu gün sukuk bir çox inkişaf etməkdə olan ölkələr üçün mühüm maliyyələşdirmə alətidir və dövriyyədə olan sukukun ümumi həcmi artıq 1 trilyon ABŞ dollarını ötüb”, – Linnell qeyd edib. “Ənənəvi bazarlardan savayı, biz Avstraliya, Böyük Britaniya və Şri-Lanka kimi yeni ölkələrdə ilk sukuk buraxılışlarını görürük”.
O, vurğulayıb ki, sukukun əksəriyyəti yüksək kredit reytinqinə malikdir. “Fitch tərəfindən qiymətləndirilmiş sukukun 80%-dən çoxu investisiya reytinqinə malikdir, reytinqlərin 90%-i sabit proqnozla qiymətləndirilir və son dörd ildə defolt halları qeydə alınmayıb”, – Linnell əlavə edib.
“Fitch”in prezidenti həmçinin İslam banklarının rolunun artmasına diqqət çəkib. “İslam bankçılığı təxminən 17 ölkədə sistem əhəmiyyətli olur, bəzi əsas bazarlarda isə bu banklar daxili bazarın 85%-inə qədərini nəzarətdə saxlayır”, – o bildirib.
Bununla yanaşı, Linnell sektorda mövcud çağırışlara, o cümlədən tənzimləmə, standartlaşdırma, şəriətə uyğunluq və maliyyə məhsullarının müxtəlifliyi məsələlərinə də toxunub.
O, bazarın genişlənməsi ilə əlaqədar ortaya çıxan yeni riskləri, o cümlədən beynəlxalq münaqişələr fonunda, məsələn, İranda yaranan riskləri də vurğulayıb. “Belə şəraitdə “Fitch”in müstəqil, şəffaf və obyektiv qiymətləndirməsi sektorun inkişafının dəstəklənməsi üçün xüsusilə vacibdir”, – deyə o qeyd edib.
Linnell “Fitch”in İslam maliyyəsinin inkişafındakı rolundan da danışıb: “On ildən çox əvvəl Fitch İslam maliyyəsi üzrə xüsusi qrup yaradıb. Bu komanda sektor üzrə təşəbbüslərimizi və layihələrimizi aktiv şəkildə həyata keçirir”.
Onun sözlərinə görə, Fitch bazarda liderdir: “Biz digər beynəlxalq reytinq agentliklərindən daha çox İslam banklarını, sığortaçıları və sukuk proqramlarını qiymətləndiririk. Dünyada ABŞ dolları ilə sukuk bazarının 70%-dən çoxu, həcmi 240 milyard dolları ötən bazar məhz “Fitch” tərəfindən qiymətləndirilir”.
Nəticə çıxararaq, Linnell İslam maliyyəsi sənayesinin gələcək inkişafı üçün innovasiyaların və əməkdaşlığın vacibliyini vurğulayıb. “Sektorun qarşısında duran imkanlar və çağırışlar diqqətli müzakirə, innovativ həllər və bazar iştirakçılarının sıx əməkdaşlığını tələb edir”, – deyə o yekunlaşdırıb.
