Bakı.Trend:
Transadriatik Qaz Boru Kəməri (TAP) konsorsiumu Albaniyanın "Albania Gas Service Company" (AGS Co) şirkəti ilə texniki xidmət üzrə müqavilənin uzadıldığını təsdiqləyib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.
“Konsorsiumdan verilən məlumata görə, dövlət şirkəti Albgaz və İtaliyanın "Snam" şirkətinin birgə müəssisəsi olan "AGS Co" növbəti beş il ərzində Albaniya ərazisində TAP-ın texniki xidmətini həyata keçirməyə davam edəcək”, – müqavilənin detalları barədə danışılarkən qeyd olunub.
Albaniyaya qaz tədarüklərinə münasibət bildirən konsorsium xatırladıb ki, 2021-ci il bazar testi çərçivəsində bu ölkədə qazın çıxış nöqtəsi üçün ilk dəfə ötürmə gücü bron edilib.
“TAP bazar testinin nəticələrinə uyğun olaraq Albaniyada qaz çıxışı üçün bron edilmiş gücləri texniki baxımdan təmin etməyə hazır olacaq. Qaz tədarüklərinin faktiki başlanması TAP-ın səlahiyyətlərinə daxil deyil, buna görə də bu barədə şərh verə bilmərik”, – deyə konsorsiumdan bildirilib.
Qeyd edək ki, Transadriatik qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edir.
Cənub Qaz Dəhlizinin son halqası olan TAP mövcud və perspektiv interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü təmin edir. Qaz kəməri 2022-ci ilin oktyabrında kommersiya istismarına başlayan Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) ilə birləşdirilib və bununla da Xəzər qazının Bolqarıstana çatdırılması təmin olunub.
Daha əvvəl bildirilib ki, 2021-ci il bazar testinin nəticələrinə əsasən, 2026-cı ildən etibarən TAP-ın uzunmüddətli ötürmə qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılıb. Bu həcmin 1,04 milyard kubmetri İtaliyaya, 0,16 milyard kubmetri isə Albaniyaya tədarüklər üçün bron edilib.