...

IDF İranın ballistik raket obyektini vurmasını təsdiqləyib

Dünya xəbərləri Materials 7 Aprel 2026 11:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) dünən İranda daha bir neft-kimya obyektinin bombalandığını təsdiqləyib.

Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

İDF məlumatına görə, həmin obyekt ballistik raketlər üçün materialların istehsalında istifadə olunan, hələ də fəaliyyət göstərən azsaylı müəssisələrdən biri olub.

IDF bəyanatında qeyd edib ki, Şiraz yaxınlığındakı obyekt İran silahlı qüvvələri tərəfindən partlayıcı maddələrin hazırlanması və ballistik raketlərin inkişaf proseslərində istifadə olunan əlavə materialların istehsalı üçün zəruri olan maddə - azot turşusunun istehsalında istifadə olunurdu.

Bundan əlavə, dünən İsrail Hərbi Hava Qüvvələri İranın şimal-qərbində yerləşən ballistik raket qüvvələrinə məxsus bir obyekti də vurub. Hərbçilərin sözlərinə görə, həmin ərazidən İsrailə onlarla raket buraxılıb.

“Obyekt, raket bölməsinin əsgər və komandirlərinin orada fəaliyyət göstərərək İsrail Dövlətinə və digər ölkələrə qarşı terror fəaliyyətlərini planlaşdırdığı və həyata keçirdiyi vaxt vurulub”, – IDF qeyd edib

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti