Bakı. Trend:
Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın Tehran vilayətinin Şəhriyar rayonunda yaşayış massivində ölənlərin sayı 9 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Şəhriyar rayonunun qubernatorunun müavini Əli Rəhimi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 15 nəfər yaralanıb. Eyni zamanda xilasetmə əməliyyatı davam etdirilməkdədir.
Rəhimi qeyd edib ki, hərbi hava hücumları güclü partlayışa səbəb olub. Buna görə, uçqunların təmizlənməsi xilasetmə əməkdaşları üçün çətniliklər yaradır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
