...

Kollektorun üzərində tikilən yaşayış evi niyə iki ay ərzində sökülməmişdi? – Açıqlama

Cəmiyyət Materials 6 Aprel 2026 19:20 (UTC +04:00)
Kollektorun üzərində tikilən yaşayış evi niyə iki ay ərzində sökülməmişdi? – Açıqlama
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 6-sı axşamadək Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında baş verən qəzanın aradan qaldırılmasının nəticəsini ortaya qoya biləcəyik.

Bunu Trend-in hadisə yerində olan müxbirinə açıqlamasında “Bakı Sukanal” İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyib.

Ə.Nəsirov bildirib ki, sözügedən ünvanda diametri 1 200 millimetr olan kanalizasiya kollektorunun üzərində vətəndaş tərəfindən fərdi yaşayış evi tikilib. Fərdi yaşayış evi iki mərtəbədən ibarət olub:

“Burada qəza iki ay öncə baş verib. Qəzanın aradan qaldırılmasını mümkünsüz edən vətəndaşa məxsus olan ikimərtəbəli fərdi yaşayış evi olub. Dövlət qurumları tərəfindən qəbul olunan qərara əsasən, artıq vətəndaşa məxsus fərdi yaşayış evi sökülüb, kollektorun üzəri boşaldılıb və qəzanın aradan qaldırılmasının icrasına başlanılıb.

Hazırda qazıntı işləri gedir, qəza nöqtəsi tam müəyyənləşir, qəzalı nöqtə yeni boru ilə əvəz olunur, daha sonra əks doldurma prosesi aparılır və ərazi mühafizə olunur. Kollektor 9 metr dərinlikdə yerləşir, qəza ona görə də xüsusi çətinliyə malikdir, aradan qaldırmaq üçün müəyyən vaxt tələb edir. Düşünürəm ki, axşama qədər qəzanın aradan qaldırılması nəticəsini ortaya qoya biləcəyik”.

Rəis müavini qəzalı vəziyyətdə olan evin niyə daha əvvəl sökülməməsi ilə bağlı vurğulayıb ki, kollektor vətəndaşa məxsus evin altında olduğuna görə təhlükə mənbəyidir:

“Oraya hər hansı işçinin və texnikanın yaxınlaşması mümkünsüzdür. Ora yaxınlaşmaq tələfata gətirib çıxara bilərdi. Sökülən mənzilin sakinləri iki ay öncə ərazidən kənarlaşdırılıblar. Hələki qonşu ərazidə yerləşən evlərlə bağlı təhlükə yoxdur, amma gələcəkdə ola bilər”.

İdarə rəsmisi küçədə digər ərazilərdəki çökmələrlə bağlı qeyd edib ki, araşdırma aparılacaq və ondan sonra məlumat vermək mümkün olacaq.

Qeyd edək ki, Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında yerləşən iki mərtəbəli yaşayış evi kollektorun üzərində inşa edilib. Evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının axıdılmasında problemlər yaranıb. Nəticədə Keşlə qəsəbəsində bəzi evlər subasmaya məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti