Bakı. Trend:
Prezident İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstana həyata keçirdiyi səfər və mətbuata verdiyi bəyanat iki dost ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın növbəti təsdiqi kimi qiymətləndirilməlidir:
“Azərbaycan və Gürcüstan xalqlarını əsrlərə söykənən dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Tarixi bağlarımız bu gün dövlətlərarası əməkdaşlığın möhkəm təməlini təşkil edir. Hər iki ölkə müstəqillik dövründə siyasi və iqtisadi baxımdan mühüm nailiyyətlər əldə edib və bu inkişaf qarşılıqlı dəstək fonunda daha da güclənir. Gürcüstanın son illərdə qazandığı iqtisadi uğurlar və formalaşdırdığı əlverişli investisiya mühiti region üçün nümunəvi modeldir”.
Deputat vurğulayıb ki, iki ölkə beynəlxalq platformalarda da daim bir-birinin yanında olub:
“Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət münasibətlərimizin əsas dayaqlarındandır. Bu həmrəy mövqe regionda sabitliyin qorunmasına da mühüm töhfə verir.
İqtisadi əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Ticarət dövriyyəsinin artan dinamika ilə yüksəlməsi, Azərbaycan sərmayəsinin Gürcüstan iqtisadiyyatında əhəmiyyətli paya sahib olması münasibətlərimizin praktik nəticələrini göstərir. Eyni zamanda, gələcəkdə üçüncü ölkələrdə birgə layihələrin reallaşdırılması perspektivi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Gürcüstanın rolu daha da artır. Regionun qarşıdurma məkanından əməkdaşlıq və təhlükəsizlik zonasına çevrilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Xüsusilə Gürcüstanın Azərbaycan–Ermənistan münasibətlərində sülh təşəbbüslərinə verdiyi töhfə mühüm əhəmiyyət daşıyır. Ticarət və iqtisadi inteqrasiya sülhün möhkəmlənməsi üçün ən real vasitələrdən biridir”.
A.Həsənova əlavə edib ki, enerji və nəqliyyat sahəsində həyata keçirilən birgə layihələr münasibətlərimizin strateji xarakterini daha da gücləndirib:
“Azərbaycan enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstan əsas tranzit ölkədir. Eyni zamanda, Orta Dəhliz kimi mühüm nəqliyyat marşrutlarının inkişafı regionun qlobal logistika xəritəsində rolunu artırır. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, geniş coğrafiyanın enerji və nəqliyyat təhlükəsizliyinə xidmət edir.
Ümumilikdə, Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş uğurlu tərəfdaşlıq modelidir. Əminliklə demək olar ki, mövcud siyasi iradə və strateji baxış bu əlaqələrin gələcəkdə də yüksələn xətt üzrə inkişafını təmin edəcək”.
