Bakı. Trend:
7 aprel tarixində Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycan Republikasının Sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, komitənin iclasında Azərbaycan Respublikasının “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM-ə Sədrliyi çərçivəsində aktiv fəaliyyəti, müxtəlif əməkdaşlıq istiqamətləri üzrə atılan addımlar nəzərdən keçirilib, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.
Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyində gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqların gedişatı barədə məlumat təqdim edilib.
Tədbirdə AQEM-in hərbi-siyasi ölçüsü üzrə etimad tədbirlərinin icrası istiqamətində illik qiymətləndirmə aparılıb. Üzv dövlətlər tərəfindən hərbi-siyasi sahədə əməkdaşlığın inkişafı və bu istiqamətdə AQEM-in çoxtərəfli hərbi təhlükəsizlik platforması kimi rolu nəzərdən keçirilib.
İclasda AQEM-in Beyin Mərkəzləri Forumu üzrə Fəaliyyət Planı layihəsi müzakirə edilib və AQEM-in müxtəlif ölçüləri üzrə etimad qurucu tədbirlərinin icrasına dair konsepsiya sənədləri nəzərdən keçirilib, “Kiçik və Orta biznesin inkişafına dair” konsepsiya sənədi qəbul edilib.
Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
