Bakı. Trend:
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilib.
Trend xəbər verir ki, forumun əsas məqsədi mina təhlükəsi ilə mübarizə sahəsində maarifləndirmənin artırılması, bu istiqamətdə görülən işlərin ictimaiyyətə çatdırılması, eləcə də gənclərin bu prosesə cəlb olunmasıdır.
Forum çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarını və mina hadisələrindən zərərçəkmiş şəxslərin həyat hekayələrini əks etdirən foto-sərgi nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin və onların iştirakı ilə əhalinin mina təhlükəsi ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb. O, gənclər və könüllü təşkilatlarının, Qayıdış könüllülərinin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. Gənclər Fondunun bu kimi təşəbbüslərə hər zaman dəstək olduğunu, gənclərin maarifləndirmə işində və təhlükəsizlik mədəniyyətinin formalaşmasında iştirakçılığının artırılmasına daim çalışdıqlarını diqqətə çatdırıb.
ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsi və bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətləri barədə məlumat verib, həmçinin mina təhlükəsindən azad, təhlükəsiz və dayanıqlı gələcəyin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə səyləri nəticəsində mümkünlüyünü bildirib.
Milli Məclisin deputatı Qaya Məmmədov isə mina təhlükəsinin yaratdığı sosial-humanitar nəticələrdən bəhs edərək bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.
Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış edərək işğaldan azad olunmuş ərazilərdə Qayıdış könüllüləri tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. O, ANAMA ilə əməkdaşlıq əsasında birgə həyata keçirilən “Təhlükəsiz Qayıdış” - Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Proqramını diqqətə çatdırıb.
Forumun ikinci hissəsində panel müzakirə təşkil olunub. ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar İrzaquluyevin moderatorluğu ilə keçirilən panel müzakirədə ANAMA-nın Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı və ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin əməkdaşı, minadan zərərçəkmiş şəxs Həsənəli Əliyev iştirak ediblər. Spikerlər müzakirədə postmünaqişə dövründə təhlükəsiz mühitin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, mina təhlükəsinin yaratdığı fəsadlar, gənclərin və könüllülərin mina təhlükəsinə qarşı mübarizədə əsas hərəkətverici qüvvə olması, maarifləndirmə layihələri barədə fikir mübadiləsi aparıblar.
