Bakı.Trend:
“Bakı Metropoliteni” QSC “28 May” stansiyası ilə bağlı dəyişikliklərə aydınlıq gətirib.
Trend xəbər verir ki, qurumun Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib ki, hazırda Dərnəgül deposu ərazisindən keçərək “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirəcək avtomobil və piyada tunellərinin tikintisi davam etdirilir.
Onun sözlərinə görə, Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması və qismən istismara verilməsi məhz bu layihənin yekunlaşmasından asılıdır.
“Tunellərin inşası başa çatdıqdan sonra depo üzrə ikinci mərhələdə nəzərdə tutulan tikinti-quraşdırma işləri də yekunlaşacaq və obyekt mərhələli şəkildə fəaliyyətə başlayacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrlik tunelin inşasına hazırlıq gedir.
200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər-Əhmədli" (habelə "Əhmədli-Həzi Aslanov" hərəkət mənzili), "Dərnəgül-Nizami" və indiki kimi "Cəfər Cabbarlı-Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.
Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.
Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə "28 May-Cəfər Cabbarlı" keçidindən istifadə edəcəklər.
